05 Avqust , 2021, 23:46
Yaxın günlərdə daha bir neçə bank “qara kağız” alacaq - PROQNOZ
Okt 18, 2015 | 22:37 /

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən banklarda yoxlamalara başlayanda bunun nəticəsinin bəzi banklar üçün ağrılı olacağı güman edilirdi.

  Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi. Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın - “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəltdi.

Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub. 

Modern.az saytı xəbər verir ki, iqtisadçı Samir Əliyev mövzunun aktuallığını nəzərə alaraq bu barədə şərh verib.

O bildirib ki, hökumətin əmanətlərə 3 il müddətində tam zəmanət verməsindən sonra bankların bağlanmasına 3 illik moratorium qoyulacağı ilə bağlı gözləntilər özünü doğrultmadı:

“Bu gözləntilərə rəğmən Palata özünün ilk və sərt qərarını verdi. Azərbaycanın bank sektorunda indiyədək bir gündə 4 bankın lisenziyasının alınması təcrübəsinə rast gəlinməyib. İlin əvvəlində Mərkəzi Bank bankları bağlamağa başlayanda ehtimal edilirdi ki, əmanətlərin tam sığortalanması haqqında Qanun qüvvəyə minməsi ilə proses başa çatacaq. Həmin dövrdə hətta bəzi banklar nəticəsi qabaqcadan məlum olan birləşmə oyununu ortaya atıb vaxt qazanmağa müvəffəq oldular.

Sonrakı dövrlərdə birləşmə ideyası əhəmiyyətini itirərək gündəmdən çıxdı. Son bağlanma dalğasında lisenziyası alınmış banklardan biri – “Zamin bank”ın ilin əvvəlində bağlanması nəzərdə tutulurdu. Ancaq bağlanma prosesi müvəqqəti donduruldu və həllini tapmamış bir sıra problemlər, o cümlədən bankların devalvasiya nəticəsində yaranmış kapital itkiləri kimi problemlər yeni yaradılmış Palatanın öhdəsində buraxıldı. Ona görə də Mərkəzi Bankla müqayisədə Palatanın qərarlarının daha sərt olacağı gözlənilirdi”.

 S.Əliyev qeyd edib ki, devalvasiyadan əvvəl ekspertlər kəskin devalvasiyanın bank sektoruna dağıdıcı təsiri olacağını xəbərdarlıq etmişdi:

“Əgər birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi. Ümumiyyətlə, bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si birinci, 10-u isə ikinci devalvasiyadan sonra bağlanıb. Hətta bir bank – NBC Bank lisenziyasını bərpa edə bilib.

Artıq ölkədə fəaliyyətdə olan bankların ¼-i lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozuldu, aktivləri pisləşdi, beynəlxalq reytinqləri aşağı düşdü, kreditləşmələri məhdudlaşdı, əmanətləri dollarlaşdı. Bütün bunlar bankların gəlirlərinin kəskin azalmasına, problemli kreditlərin artması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi ilə bağlı çətinliklərin yaranmasına səbəb oldu. Mövcud vəziyyət ölkənin maliyyə sabitliyi təhlükə altına qoyur.

Palata bankları bağlayanda bir sıra səbəbləri əsas götürüb: aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişlərin yerinə yetirilməməsi.

Göründüyü kimi, səbəblər kifayət qədər çoxdur. Hətta qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. Bəs, sual olunur: oxşar vəziyyət digər banklarda, o cümlədən Beynəlxalq Bank və “Bank Standart”da da mövcud olub və niyə onlara münasibətdə analoji addım atılmadı? Axı, təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı. Çünki ölkənin ən böyük bankının arxasında dövlətin durması, eyni zamanda sistem əhəmiyyətli olması onun immuniteti idi. “Bank Standart”ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu.

O, ikinci ən böyük depozit payına malik bankdır. Ancaq bağlanan bankların heç biri nə sistem əhəmiyyətlidir, nə də bazarda ciddi paya malikdir. Onların arxasında heç böyük güclər də durmur”.

Ekspert deyib ki, Palata ölkədəki bank sisteminin çətin dövründə bazara girib:

“Palatanın yaradılması qərarı doğru olsa da zaman uğursuz seçilmişdi. Palata maliyyə sistemində sabitliyi təmin etmək üçün bir qədər sərt addımlar atmağa məcburdur. Sistemə təhlükə törədən, düzgün idarəetmə qurmayan, məsuliyyətsiz əmanət cəlb edən, eyni zamanda məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür. Ona görə Palatanın bu addımını düzgün saymaq olar. Ancaq problem başqadır. Bütün proseslər, o cümlədən qərarlar qapalı şəkildə verilir. Əvvəla, Palatanın bu gün verdiyi qərarların hüquqi qüvvəsi sual altındadır. İkincisi, əsaslandırmalar çox ümumi şəkildə təqdim edilir və qeyd etdiyimiz kimi oxşar səbəbləri digər banklara da şamil etmək olar. Halbuki sistem əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı olan digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu suallar yaradır və arxasız bankların ilk sıradan çıxarılması fikrini qüvvətləndirir”.

 

Yaxın dövrdə bank sektorunu nə gözləyir?

İqtisadçı bildirib ki, yaxın dövrlərdə daha 3-4 bankın “qara kağız” almaq ehtimalı var:

“Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir. Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onların bağlanmaq təhlükəsindən xilas etməyəcək.

Manat getdikcə mövqeyini itirir və proses zəif olsa belə davam edəcək. Dollar kreditlərinin qaytarılması problemli banklar üçün işə düşməsi yavaşıdılan mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır. Bankların kapitallaşması onları bir müddət qorusa da gələcəkdə iflasdan xilas edə bilməyəcək. Ona görə də Palatanın addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir. Qarşıda Azərbaycan iqtisadiyyatını çətin günlər gözləyir”.

FAYDALI LİNKLƏR